Bakı qırğını.Erməni millətçilərinin məkrli siyasəti

Xalqımıza qarşı ermənilərin törətdiyi soyqırımı siyasətinin dərin tarixi kökləri var. Hələ IV əsrin sonlarında ermənilərin məskunlaşdığı ərazilər Sasani imperiyası və bizanslılar tərəfindən darmadağın edildikdən sonra ermənilərin 1918-ci ilə qədər müstəqil dövlətçiliyi olmayıb. Erməni icma başçıları və din xadimləri «Böyük Ermənistan» yaratmaq ideyası ilə XVII əsrdən başlayaraq dünyanın iri dövlətlərinə müraciət etmişlər. Bir çox vaxtlar ermənilərin müraciətləri, Venesiya, İtaliya, Fransa, İngiltərə və nəhayət Alman knyazlığı tərəfindən rədd edilərək qovulurlar.

Nəhayət, onlar 1701-ci ildə öz planlarını I Pyotra çatdırırlar və Rusiyanın cənub istiqamətdə hücum etməsini inandıra bilirlər. Həmin dövrdən başlayaraq ermənilər rus hökumətində yüksək vəzifələrdə işləməyə başlayırlar. Rusiya və Qərbin bəzi iri dövlətləri Şərqdə hökmranlıq etmək, Türkiyə və İranı zəiflətmək məqsədilə erməniləri dəstəkləmişlər.

Çar Rusiyasının himayəsi sayəsində həddindən artıq varlanan ermənilər öz ərazi iddialarını həyata keçirmək üçün partiyalar, silahlı dəstələr yaratmağa başladılar. Belə ki, 1885-1890-cı illərdə yaradılan «Armenikan», «Qinçaq» və «Daşnaksutyun» partiyaları «Böyük Ermənistan» şüarı irəli sürərək Türkiyə ərazisində açıq fəaliyyətə başlayırlar. 1917-ci ilin fevral inqilabı erməni siyasi partiyalarının leqal fəaliyyətinə də imkan yaratdı. Erməni millətçiləri düşünürdülər ki, «Böyük Ermənistan» ideyasını reallaşdırmaq məqamı yetişibdir.

 Ermənilərin gözü ən çox Azərbaycan torpaqlarına dikilmişdir. Əsas məqsədləri Azərbaycan demokratiyasını beşikdə boğmaq idi. Oktyabr hadisələrindən sonra Leninin xüsusən neft Bakısına marağı qat-qat artmışdır. Bakıda Sovet hakimiyyətinin elan olunması və həmin günləri Şaumyanın teleqramında «ordunun köməyi ilə Cənubi Qafqazı Sovet Rusiyasının hakimiyyətini tanımağa məcbur edə bilərik» söyləməsi Lenini olduqca ruhlandırmışdı. Leninin ən böyük ümidi Şaumyana idi. 1917-ci ilin dekabrında Şaumyan Qafqaz işləri üzrə fövqəladə komissar təyin edildi.

Həmin ildən Sovet Rusiyasının havadarlıq etdiyi bolşeviklər və erməni daşnak qüvvələri Azərbaycanı Milli münaqişələrin təcrübə meydanına çevirdilər. Bolşeviklərin, xüsusən erməni millətçilərinin Azərbaycan demokratiyasına qarşı təşkil etdikləri fitnəkarlıqlardan biri 1918-ci ilin yanvarında baş vermişdir.

I dünya müharibəsi dövründə Qafqaz cəbhəsindən qayıdan rus əsgərlərin Şəmkir və Dəllər stansiyaları arasında gürcü və azərbaycanlı silahlı dəstələri ilə toqquşmuş və rus hərbiçiləri tərksilah olunmuşdur. Ermənilərin məqsədi, yenicə qol-qanad açan Azərbaycan dövlətçiliyinə rus silahı ilə zərbə vurmaq idi. O dövrün mətbuat səhifələrində həlak olanların sayı qəsdən artırılır, bütün təqsir azərbaycanlı müsəlmanların üzərinə atılırdı. Baxın bu siyasət davam etdirilirdi, 1988-ci illərdə, 1992-ci ildə Xocalı faciəsi zamanında da kütləvi surətdə azərbaycanlılar qətlə yetirilir, amma mətbuat səhifələrində sayı qəsdən azaldılırdı.

1918-ci ilin martında Bakıya toplaşmış 12 minlik ordunun 75%-i ermənilərdən ibarət idi. Deməli, ordunun 9000-i tam erməni yaraqlılarından təşkil olunmuşdur. Bunlar çar devrildikdən sonra müxtəlif yollarla Bakıya daxil olmuşlar. 1918-ci ilin martın 30-da Bakı qırğını törətmək üçün Şaumyanın başçılığı ilə müdafiə komitəsi yaradıldı. Buraya Çaparidze, Karqanov (Koqenov), Saakyan, Lalayev və s. daxil idi. Şaumyandan göstəriş alan quldur dəstələrinin mənfur siyasəti nəticəsində 3 gün ərzində Bakı talan edildi, qan dəryasında boğuldu.

Erməni siyasi partiyaları və ictimai təşkilatları Bakı şəhərinin mühasirəsi dövründə Bakıda rəsmi məlumata görə, 16 min dinc sakini vəhşicəsinə öldürmüşlər. Qaçmağa çalışanları güllələmək üçün şəhərin müxtəlif hissələrində pulemyotçular yerləşdirilmişdi (Sonralar AXC-nin Parlament binası olmuşdur). O, günlərdə İsmayilliyə binası, «Kaspi» və «Açıq söz» qəzetlərinin redaksiyalara da yandırılmışdır.

Azərbaycanlıların yaşadıqları məhəllələr məhv edildikdən sonra, martın 31-nə keçən gecə «İçəri şəhər» əməliyyatı başlanmışdır. Səhərisi burada hər yerdə – haradasa yığın – yığın, tək-tək eybəcər hala salınmış, yandırılmış, kişi, qadın, uşaq meyitləri qalmışdı. Hamilə qadınlara necə divan tutulması qətliamın şahidlərini dəhşətə gətirmişdir. Hətta Türk və Azərbaycan hərbi hissələri Bakı həndəvərinə çatdığı zaman da erməni quldurları şəhəri, onun ətraf rayon və kəndlərində, o cümlədən Balaxanı, Ramana, Binəqədi və Sabunçu rayonları sakinlərinin evlərinə soxulur, insanları öldürür, evlərə, dükan və bazarlara od vurub yandırırdılar.

Artıq Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz müsəlman ordusu Bakıya daxil olur. Bu vahimədən qorxaraq daşnaqlar öz hərbi hissələrini cəbhədən çıxarır və əkilib aradan çıxırdılar. “Təzəpir” məscidindəki mənzərəni görənlərin dediyi kimi: məscidə giriş meyitlərlə dolu idi, məscidin özünü isə daşnaqlar murdarlamışdılar. Kommunist hakimiyyəti adından erməni terror və quldur birləşmələri etnik azərbaycanlı müsəlmanlarına qarşı əslində soyqırım həyata keçirirdilər. Həmin dövrlərdə Bakının ətraf kəndlərinin təkcə birində eybəcər hala salınmış 58 qadın meyidi tapılmışdır. Onların qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, uşaqlıq orqanları kəsik-kəsik edilmişdir. Təkcə həmin illərdə 1918-ci ildə bir müsəlman qəbristanı olan Çəmbərəkənddə 18 min günahsız bakılı dəfn edilmişdir. Dəfn olunanlar arasında istər şəhərin özündən, istərsə də ətraf kəndlərdə yaşayan azərbaycanlılar vardı. Şəhərin etnik tərkibini dəyişdirmək məqsədilə Bakının qeyri erməni millətindən olan on minlərlə müdafiəsiz sakininə qanlı divan tutulmuşdur.

 Kommunizm bayrağı altında və Leninin adından çıxış edən «Daşnaksutyun» erməni təşkilatı təkcə Bakıda rəsmi məlumata görə, 16 min nəfərədək müdafiəsiz yoxsul müsəlmanı qətlə yetirmiş, Daşnak quldur dəstələrinə başçılıq edən Lalayev isə Bakıda ancaq bir sıra məhəllələri müsəlman ziyalılarından təmizləmişdir. O, ziyalıları evlərindən çıxarır və küçədə güllələyirmiş. Bakı və ətraf kəndlər qətliam olunandan sonra S.Şaumyan 3 gün ərzində bu qədər qırğınlardan savayı 80 milyon qızıl rubl. talayıb aparmışdır. 1918-ci ildə Bakı qırğınında müsəlmanların vəhşicəsinə öldürülməsi eyni ilə 1992-ci ildə Xocalı soyqırımının qurbanlarına da eyni cür vəhşilik etmişlər.

Bu tarixi həqiqətləri unutmağa mənəvi haqqımız yoxdur. Unutmamalıyıq ki, tarix keçmişi öyrənməklə yanaşı, keçmişdə buraxılan səhvləri gələcəyə daşımamaq üçün bir ibrətdir. Gəlin hər birimiz tariximizdən ibrət alaq!!!

                                                                    Rüfət  Əhmədzadə, politologiya   fakültəsinin 118A saylı qrupunun II kurs tələbəsi

Bir şərh yazın